Xəbər

Ən gənc magistr tələbəsi olacağımı düşünməzdim...
04.07.2024 - 16:21
Ən gənc magistr tələbəsi olacağımı düşünməzdim...

Xəbər verdiyimiz kimi, magistr adını qazanan ən gənc bakalavr Bakı Dövlət Universitetinin (BDU) məzunu Həsənov Yusif Allahverdi oğludur.

AzEdu.az Təhsil Portalı olaraq həmin tələbə ilə əlaqə saxladıq.

Yusif Həsənov təəssüratlarını bizimlə bölüşüb:

O, 4 yaşında orta məktəbə getdiyini söyləyib:

“2009-cu ildə Bərdə şəhəri Nəriman Nərimanov adına 3 saylı tam orta məktəbə daxil olmuşam. Həmin vaxt 4 yaşım var idi. 2020-ci ildə isə həmin məktəbi 14 yaşımda bitirdim. 3-cü qrupa hazırlaşıb, 535 balla Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə qəbul oldum.

Bakalavrı bitirdikdən sonra magistratura üzrə hazırlaşmağa başladım. 58.5 bal toplayıb yenə Bakı Dövlət Universitetinə qəbul olundum. Burada Azərbaycanda siyasi prioritetlər ixtisası üzrə təhsilimi davam etdirəcəyəm”.

Həmsöhbətimiz ən gənc magistrant olacağını düşünmədiyini dilə gətirib:

“Düzü, ən gənc magistr tələbəsi olacağımı düşünmürdüm. Fikirləşirdim ki, məndən də balaca tələbə ola bilər. Təbii ki, belə bir yaxşı xəbərlə anılmaq, çox gözəl bir hissdir.

Gələcəkdə magistraturanı bitirib, doktoranturaya hazırlaşmaq istəyirəm. Bu təhsilimi də Bakı Dövlət Universitetində almağı planlaşdırıram. Çünki bu universitet mənim üçün artıq doğmalaşıb. Eyni zamanda bu ali məktəb Azərbaycanın prestijli universitetlər sırasına daxildir və təhsili səviyyəsi də qənaətbəxşdir.

Xəyallarım çoxdur, lakin öz ixtisasım üzərindən gələcək fəaliyyətimi davam etdirməyi qərara almışam. Bakalavr dövründə fikirlərim çox qarışıq idi, amma artıq öz ixtisasım üzrə işləyib, özümü daha inkişaf etdirəcəyimdən əminəm”.

Y.Həsənov yaşıdlarına ilk növbədə məqsədli olmağa səsləyib:

“Ümumiyyətlə bu yol düzünü desəm çətindir. Yəni Azərbaycanda tələbə olmaq çətindir. Bu baxımdan çətindir ki, həm ali məktəb dərslərini çatdırmaq, həm də magistr imtahanlarına hazırlaşmaq cəhətdən çətin olduğunu qeyd edə bilərəm. İlk növbədə insan qarşısına məqsəd qoymağı bacarmalıdır”.

Mənbə: azedu.az

DİGƏR XƏBƏRLƏR