Xəbər

Rusiyadan 200-dən çox arxiv sənədi Naxçıvana gətirilib
04.07.2024 - 16:03
Rusiyadan 200-dən çox arxiv sənədi Naxçıvana gətirilib

Naxçıvan alimləri muxtar respublikanın qədim iqtisadi-siyasi və mədəni tarixi ilə bağlı yeni arxiv materiallarının toplanması üzrə işləri davam etdirirlər.

“Report”un yerli bürosu xəbər verir ki, bu məqsədlə Rusiya Federasiyasının dövlət arxivlərindən mühüm sənədlər toplanılıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin tarix üzrə fəlsəfə doktorları İlhami Əliyev və Yaşar Rəhimov Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Tarix Arxivindən Naxçıvanın tarixi ilə bağlı XIX-XX əsrlərə aid mühüm tarixi sənədlər əldə ediblər.

Tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Report”un yerli bürosuna açıqlamasında bildirib ki, bu sənədlərin çoxu iqtisadi, müəyyən hissəsi isə siyasi xarakter daşıyır.

O qeyd edib ki, əldə olunan sənədlərdə Naxçıvanın təbii sərvətləri barədə də mühüm məlumatlar yer alıb.

Arxiv sənədlərində vaxtilə Naxçıvanda yaşamış böyük şəxsiyyətlər - Kəngərlilərlə, Şaxtaxtinskilərlə, Sultanovlarla bağlı mühüm məlumatlar da var.

Rusiya Dövlət Tarix Arxivində aparılan üç həftəlik araşdırma Naxçıvan tarixinin həmin dövrü əhatə edən ictimai-siyasi həyatının daha ətraflı öyrənilməsində mühüm əhəmiyyətə malik olacaq.

İ.Əliyev bildirib ki, ilkin araşdırmalara görə, ümumi sayı 200-dən çox olan sənədlər 2 min 500 səhifədən ibarətdir.

Mənbə: report.az

DİGƏR XƏBƏRLƏR