Xəbər
“Uşaq bağçalarının direktorları üçün mentorluq” layihəsinə start verilib
28.01.2025 - 21:16
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə “Uşaq bağçalarının direktorları üçün mentorluq” layihəsinə start verilib.Tehsil.biz xəbər verir ki, layihənin məqsədi məktəbəqədər təhsildə beynəlxalq təcrübəyə əsaslanaraq dövlət müəssisələrində çalışan bağça direktorlarının bilik və bacarıqlarını artırmaq, onların pedaqoji idarəçilik səriştələrinin inkişafına dəstək olmaqdır.Layihə çərçivəsində 3 bağça direktoruna mentorluq xidmətinin göstərilməsi və bu çərçivədə “İnkişaf planı”nın hazırlanması, o cümlədən uşaq bağçalarının direktorları üçün təlimlərin keçirilməsi hədəflənib.Bu məqsədlə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda yeni direktor təyin olunan 3 bağça seçilib və həmin bağçaların direktorlarına mentorluq xidməti göstərilməyə başlanılıb. Belə ki, layihəyə Bakı şəhərində fəaliyyət göstərən 325 saylı uşaq bağçasının direktoru Hafizə Məcidova, 158 saylı körpələr evi-uşaq bağçasının direktoru Süriyyə Nuriyeva və 161 saylı uşaq bağçasının direktoru Nərgiz Zeynalova cəlb olunublar.Mentorluq çərçivəsində seçilən bağçaların direktorları ilə birgə həmin bağçalar üçün “İnkişaf planı” hazırlanacaq. Bu məqsədlə öyrənmə mühitini dəyərləndirmək və inkişaf etdirmək üçün valideyn və müəllimlərlə sorğu keçirmək və bu sorğunun nəticələrini analiz etmək, o cümlədən direktorlarla mentorluq görüşləri keçirmək hədəflənib. Eyni zamanda, 3 bağçanın pedaqoji kollektivi üçün “Oyunəsaslı öyrənmə”, “Layihəəsaslı öyrənmə”, “Valideynlərlə səmərəli iş” mövzularında seminarların keçirilməsi nəzərdə tutulub.Layihə zamanı yeni təyin olunan 40 uşaq bağçasının direktoru üçün beynəlxalq təcrübə əsasında təlimlər də təşkil olunacaq. Təlimlər “Uşaqyönlü təhsil mühitinin qurulması və idarə olunması”, “Valideynlərlə səmərəli ünsiyyətin prinsipləri” mövzularını əhatə edəcək. Beləliklə, iştirakçılar məktəbəqədər təhsil üzrə beynəlxalq mütəxəssis Sənəm Əliyevanın mentorluğu ilə məktəbəqədər təhsildə müasir yanaşmalar, uşaqyönlü təhsil mühitinin təşkili və dəyərləndirmə meyarları ilə tanış olacaq, öz bilik və bacarıqlarını inkişaf etdirərək müxtəlif qrup tapşırıqları vasitəsilə dünya təcrübəsi ilə tanış olmaq imkanı əldə edəcəklər.
- Xəbər lenti
- Kateqoriyalar
- Mənbələr