Xəbər

Murad Akifsoy: ”Valideynlər öhdəlik olaraq övladını “Oxutmaq”la işini bitmiş hesab edir”
02.07.2024 - 23:44
Murad Akifsoy: ”Valideynlər öhdəlik olaraq övladını “Oxutmaq”la işini bitmiş hesab edir”

Salam, Murad bəy. Yeniyetmə və ailə psixoloqu, stress idarəetməsi və özünəqayğı programları üzrə mütəxəssis olaraq tanıyırıq sizi. İşinizi davam etdirməkdə ən böyük motivasiyanız nədir?   Psixologiyanı seçməkdə məqsədim, insanların daxili dünyalarını anlamaq, daha sonra isə onlara yardım etməkdir. Bu dəyərlərimə uyğun bir seçimdir. Bununla bərabər prosesdə ən böyük tapıntım özüm oldum. Özümlə bağlı daha çox şey görüb, öyrəndim.Uşaq, Yeniyetmə və ailələrlə işləmək də elə bu dəyərlərdən yola çıxaraq seçmişəm. Bir uşaqla işləməklə, eyni zamanda bir ailə işləmə fürsəti qazanıram. Ona görə də, mənə daha maraqlı gəlir. Digər davam etdirən motivasiya isə, davamlı yeni keys və məlumatlarla tanış olmağımdır. 14 ildir oxuyuram. Artıq qəbul etmişəm ki, ömrümün sonuna qədər oxuyacam və bu mənə prosesi daha maraqlı edir.   Həm ixtisasınızla əlaqəli olduğuna, həm də məni xüsusi maraqlandırdığına görə soruşmaq istəyirəm sizdən: Azərbaycanda bugünkü yeniyetmələrin streslə bağlı psixoloji vəziyyətləri haqqında . Öncəliklə, yeniyetmələrimiz nə dərəcədə streslidir?   Yeniyetməlik dövrü onsuzda həyatın ən çalxantılı dövrüdür. Bu dövrdə fiziki, hormonal dəyişikliklərlə bərabər şəxs öz məni haqqında konkret fikirlərə sahib olmağa başlayır. Bununla bərabər müstəqilləşmə meyilləri də ortaya çıxır. Özü haqqında fikir formalaşması prosesində şəxs cəmiyyətdən fərqli olduğunu göstərmək ehtiyacı hiss edir. Bu məqamda da, sağlam mühiti olmayan qruplara qoşulma, zərərli vərdişlərlə özünü tanıtmaq kimi yanlış yollara baş vurur. Bunun bir səbəbi valideynlərdir. Onlar uşaqlıq dövründə valideyn-övlad münasibətlərinə diqqət edə bilmədikləri üçün, yeniyetməlik dövründə ya ona yaxınlşamağa çalışır, ya da həddindən artıq qaydalarla onu təkrar özünə tabe etməyə çalışır. Ən əsası isə, təhsillə bağlı yeniyetmələr üzərində yüksək təzyiq var. Həm ailələri, həm ətrafları tərəfindən edilən təzyiqlər intihara qədər gətirib çıxara bilir. Əsas səbəbləri qeyd etsəm də, vəziyyət sadəcə bu səbəblərlə bağlı deyil. Ancaq Suala cavab verməyim üçün yetərli olduğunu düşünürəm. Yeniyetmələrimizin əksəriyyəti, gündəlik stresslərini idarə etməkdə çətinlik çəkirlər. Bu da onları növbəti mərhələdə, xroniki yorğunluq, təşviş pozuntuları, imtahan həyəcanı, depressiya kimi xəstəliklərə gətirib çıxara bilər.  Son illərdə qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra intiharlar haqqında xəbərlər eşidirik, bununla yanaşı məktəblərdə də davamlı qısnamaya məruz qaldıqdan sonra həyatına son qoyan gənclər var. Valideyn və ya müəllim hansı simptomlara əsasən yeniyetmələrin stresli olduğu qərarına gələ bilərlər?  Bu qısnamaların əksəriyyəti əsasən ailədən qaynaqlanır. Ailəsinin yüksək gözləntilərini qarşılaya bilməyən abituryentlərin intihar cəhdləri daha çoxdur. Burada ailə ilə iş önəmlidir. Müəllimlər üçün isə, davamlı gərginlik, göz kontaktından qaçmaq, performansın aşağı düşməsi, yoldaşları ilə kontaktın azalması, yuxusuzluqdan dolayı gözlərin vəziyyəti, tələskənlik, görüləcək işlərin davamlı ertələnməsi, aşırı həssaslıq (aqressiv və ya üzgün) kimi hallar bunun əsas göstəriciləridir.   Yeniyetmələrin əsas stres qaynaqları nədir?  Ailənin gözləntiləri, davamlı başqaları ilə müqayisə edilməsi, akademik uğursuzluqlar, cinsi yetişmə dövründə ortaya çıxacaq problemlər, dostların qısnaması, valideyn-övlad münasibətlərindəki problemlər, maddi sıxıntılar əsas səbəblərdəndir.   Stresin azaldılması üçün məktəblərdə hansı tədbirlər görülə bilər? Müəllimlərin uşaqları yarışdırmaq əvəzinə hər kəsə potensialına əsasən yanaşılması, bullinqlə bağlı fərqindəlik tədbirləri, uşaqların bir-biri ilə müqayisə edilməsi əvəzinə, şəxsin öz performansının müqayisəsi(Məsələn filankəs səndən yaxşıdır əvəzinə, səndə bu dərs yaxşı, digəri  zəifdir. Güclü olana fokuslanasan bəlkə), yeniyetmələr üçün dərsdən xaric sosial fəaliyyətlər, yaradıcılıqlarının nümayişi üçün imkanlar, məktəb psixoloquna təkcə problem olanda deyil də, vaxtaşırı müayinə üçün baş vurmaq.  Bu mövzuda valideyn öhdəlikləri nələrdən ibarətdir?  Valideynlər öhdəlik olaraq övladını “Oxutmaq”la işini bitmiş hesab edir. Ən çox da bu mövzuda təzyiq göstərir. Bu həm münasibətləri korlayır, eyni zamanda uşağın oxumasına da neqativ təsir edir. Ona görə valideyn yadda saxlamalıdır ki, onun əsas vəzifəsi, sağlam bir insan yetişdirməkdir. Gərgin ali təhsilli bir mütəxəssis heç bir iş yerində tələb olunmur. Psixi sağlamlığı yerində olmayan insanın öz performansını doğrultması da çətinləşir. Ona görə valideynlər övladlarına yaxın olmalı, onları tanımağa çalışmalı və yeniyetmənin gələcəyinə onunla bərabər, ona uyğun şəkildə qərar verməlidirlər.  Bəs yeniyetmələrə hansı tövsiyələriniz var?  Hazırda yeniyetmələr iş həyatına atılmaq üçün tələsir, maddi gəlir əldə edib, sosial şəbəkədə gördükləri həyatları yaşamağa çalışır. Ancaq bu proses çox aldadıcıdır. Qısa müddətli maddi gəlir fokuslu çalışmalar, uzun müddətdə işə yaramadığı üçün gələcəkdə sağlam təməlləri olan şəxs kimi inkişaf etməyə mane olur. Yeniyetməlik dəyişiklik dövrüdür. Ona görə bu mrəhələdə nəyisə etmək əvəzinə özünü tanımağa, sağlam dostluqlar qurmağa, stress və maliyyə idarəsini öyrənməyə vaxt ayırsalar gələcək həyatlarının hər anından zövq ala biləcəklər.   Hansı halda psixoloqa müraciət etməli?  Problem 2-3 aydan çox davam edib və hər hansı şəkildə irəliləyiş əldə olunmursa, ailə yeniyetməyə dəstək göstərməkdə çətinlik çəkirsə, sosial münasibətləri zədələnibsə, performansı aşağı düşübsə mütəxəssis dəstəyinə baş vurmaqları tövsiyə olunur.   Ölkəmizdə psixi sağlamlığa dəstək üçün hansı imkanlar var ? Maddi vəziyyəti aşağı olan ailələrin yararlana biləcəyi xidmət mövcuddurmu?  Psixoloji xidmət müstəqillik dövründə formalaşmağa başlayan sağlamlıq xidməti olduğu üçün bu sahədə müəyyən boşluqlar var. Üstəlik insanların psixoloji narahatlığı olan insanlara qarşı stiqma ilə yanaşması prosesi ləngidir. Psixoloji xidmət hazırda ölkəmizdə SN, TN, ƏƏSMN tərkibində köməkçi xidmət olaraq var. İnsanlar müvafiq nazirliyə müraciət edərək dəstək ala bilirlər. Eyni zamanda qaynar xəttlər də mövcuddur.    Cavablandırmaq istədiyiniz başqa bir sual və ya oxuyucularımıza mesajınız varmı?  Mütəxəssis seçimi edərkən ciddi şəkildə araşdırma etmələrini, mütəxəssisin bakalavr diplomunu və peşə keçmişini araşdırmalarını tövsiyə edirəm. Biz mütəxəssislərin birinci işi xeyir vermək deyil, zərər verməməkdir. Ancaq qısa müddətli vədlərlə ortaya çıxan “mütəxəssislər”in xeyir vermək təlaşı bəzən uşaq üçün zərərli olur. Psixoloji xidmət bir nöqtə deyil. Ömür boyu gedilən yoldur. Psxioterapiyada dərindən gedən prosesdir. Burada şəxsin özünə və yaxınına vaxt verməsi lazımdır. Özünüzü ikinci plana qoyduğunuz müddətdə həyatınızdakı dəyişikləri idarə etmək hər zaman çətin olacaq. Ona görə həyatımızla bağlı məsuliyyəti öz üzərimizə götürməklə psixi sağlamlıq üçün ilk addımı ata bilərik.    Cavablarınız üçün təşəkkür edirik.  İşlərinizdə uğurlar? Suallar üçün təşəkkür edirəm. Sizə də uğurlar arzu edirəm.    Hazırladı: Edumap.az Təhsil Portalı   

Mənbə: edumap.az

DİGƏR XƏBƏRLƏR